Əziz yurddaşlar, fədakar uca Millətimiz,
Məlum olduğu kimi 106 il öncə 28 May 1918-ci ildə qurucu babalarımız qanı və canı bahasına min bir məşəqqətlə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaratdı. Bu yeni dünya düzənində xalqımızın necə bir siyasi və hüquqi dəyərləri sahiblənməsinin bariz nümunəsi idi.
Bu gün 106 illiyini qeyd etdiyimiz Müstəqillik günü münasibəti ilə 50 milyonluq Böyük Azərbaycan xalqına,cənab prezident İlham Əliyev zati-ailələrinə , şəhidlərimizin ailələrinə , qazilərimizə və eləcə bütün bütöv Azərbaycan sevdalılarına təbrik edirik.
Xalqımıza Cümhuriyyət v istiqlaliyyət kimi ali dəyərləri bəxş etmiş qurucu babalarımıza, lider və öndərlərimizə, özəlliklə də bu çətin yolda savaş meydanlarında canından keçən şəhidlərimizə, bu qutsal davada döyüşüb qazi olmuş igidlərimuzə, sonradan əbədiyyətə qovuşmuş bütün vətənsevər yurddaşlarımıza tanrıdan rəhmət diləyirik. Şəhid və qazilərimizin qanı bahasına göylərə yüksəlmiş üçrəngli bayrağımız əbədiyyən yüksək zirvələrdə qərar tutmasını arzu edirik.
1918-ci ildə dünya siyasi mühitinin qarışıq vaxtında meydana gəlmiş Xalq Cümhuriyyəti öz varlığını sonsuzadək yaşatmaq və dünya millətlərinə öz varlığını tanıtmaq üçün dövrün dünya dövlətləri içində ən örnək quruluşlu üsul idarəsinə malik bir dövlət olmuşdur.
Yeni yaranmış bu cümhuriyyət öz üsul idarəsində ən ali dəyərlərə, insan hüquqlarına ali səviyyədə dəyər verməyə böyük önəm vermişdir.
Bu məqsədlə qısa zaman kəsiyində çox tərkibli parlament idarə üsulu yaradılmış, milli kimliyindən, dinindən və cinsindən asılı olamayaraq hər kəsə seçib, seçilmək haqqı verilmişdi. Bu gün çağdaş dünyamızda ən çox önəm verilən qadın hüquqlarına bir çox qərb ölkələrindən öncə məhz Azərbaycanda, xalq cümhuriyyəti dövründə yer verilmişdi.
Halbuki, əksər böyük qərb dövlətləri, o cümlədən Kanada (1917), İngiltərə və Almaniya (1918), Avstriya ilə Hollandiya (1919) və ABŞ (1920) demək olar ki, Azərbaycanla bir dövrdə və ya ondan sonra qadınlara seçib-seçilmək hüququ verə bilmişdir. Hətta bu mövzuda Azərbaycan Avropa demokratik dəyərləri ilə söz sahibi olmağa çalışan Fransadan (1944) qat-qat irəlidə getmişdir. Bütün bu fəaliyyətlər Azərbaycan demokratik dəyərlərinin hər hansı bir ölkədən idxal edilmədiyini, dövlətçilik ənənəsinin onun öz genetik kodundan, dəyərlərindən gəldiyini ehtiva etmişdir.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, milli hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində çox mühüm tədbirlər həyata keçirilmişdir. Yeni qurulmuş Cümhuriyyət özünü beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanıtması, eləcə də, diplomatik müstəvidə milli maraqların qoruması üçün mühüm addımlar atmışdır. Cümhuriyyətin yeni fəaliyyətə başlamış parlamentinin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Cəmi 23 ay mövcud olmasına rəğmən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində və Şərqdə ilk dəfə demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Lakin Sovet Rusiyasının işğal siyasəti xalqımızın yeni hədəfləri uğrunda missiyasını 70 il geri atdı. Azərbyacanın sovet Rusiyası tərəfindən işğalı ilə milli dövlət quruculuğunda ciddi ləngimələr dövrü başladı.
Beləcə sovet əsarətinə qarşı başlanmış gizli və açıq mübarizə 90-cı illərin əvvələrində xalqımızın növbət qələbəsi ilə başa çatdı. Bu mərhələ 18 oktyabr 1991-ci ildə “Müstəqillik haqqında konstitusiya aktı” kimi tarixi bir sənədin qəbul edilməsi ilə yeni dövrə qədəm qoydu. Bununla Azərbaycan xalqı XX əsrdə ikinci dəfə yenidən öz müstəqilliyinə qovuşmuş oldu.
Bu müstəqilliyi əldə etmək xalqımız üçün nə qədər çətin olmuşsa, onu qoruyub saxlamaq, eləcə də, inkişaf etdirib yeni dövrün tələblərinə uyğunlaşdırmaq bir o qədər də məsuliyyətli idi. Bu məsuliyyətli işin öhtəsindən gəlmək isə xalqın müdrik oğlu, dövlət idarəetməçilik təcrübəsinin idealoqu Heydər Əliyev dahiliyinə qismət olmuşdur. Ümummilli lider H.Əliyev müstəqil Azərbaycan dövlətçiliyini yeni dövrə götürməklə onu daha da möhkəmləndirdi.
Beləcə, ümummilli lider H.Əliyev öz sələflərinin ənənəsinə və dövlətçilik irsinə sadiq qalaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin yüz il əvvəl dediyi “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyimini zaman-zaman real şəkildə gerçəkləşdirmiş oldu.
Bu gün artıq Azərbaycan Respublikası 106 il əvvəl üç rəngli bayraq altında təməli qoyulmuş dövlətçilik ənənələrini daha da möhkəmləndirmişdir. Bu ümummilli lider H.Əliyevin dövlət quruculuğunda varislik irsinə və qurucu babalarımızın təməlini qoyduğu milli idealoji təməllərə sadiq qalan möhtərəm ali baş komandan İlham Əliyev cənablarının dərin zəkası, strateq kimi müzəffər qabliyyəti və bacarığı ilə mövcdu ola bilmişdir.
Onun böyük zəkası sayəsində cümhuriyyət tariximiz qədər yaşı olan Qarabağ probleminə, 106 illik erməni qətliamlarına son qoyularaq bütöv vətən anlayışı xəyaldan gerçəkliyə çevrilmişdir. Artıq Azərbaycan Respublikasında bütövlük toxumları cücərməkdə və bəhrə verməkdədir. Bu minvalla bu tarixi gündə qədrbilən xalqımızı və onun Ali Baş komandanı İ.Əliyevi Güney Azərbaycanımızın haqq davasının səsi olan Azərbaycan Cümhuriyyət partiyası adından, 40 milyonluq Bütöv Azərbaycan sevdalısı güneyli soydaşlarımız adından təbrik edirik. Əminik ki üç rəngli bayrağımız və cümhuriyyət dəyərlərimiz qısa zamanda 50 milyonluq böyük və bütöv Azərbaycanda da fərəhlə anılacaqdır.
44 günlük vətən savaşı və onun zəfər tarixi Güney Azərbaycanda xalqımızın qəlbində bir bütövlük atəşi yandırmışdır.
Biz, Güneydə Azərbaycan türkləri olaraq bu gün zamanın zorunlu şərtləri altında fizikən Azərbaycan adlı dövlətimizdən ayrı salınsaqda, mənəvi və ruhi baxımdan özümüzü daima Azərbaycan dövlətinin yanında hiss etmişi, onun sevinci ilə sevinmiş, kədəri ilə kədərlənmişik. Bu minvalla bu gündə Azərbaycan dövlətinə mənəvi bağlılığımızı əbədi ifadə etməkdəyik.
Qoy, qələbə dolu günlərimiz bol olsun. Dövlətimizin gücü və qüdrəti bir daha sarsılmasın, zəfərlə təməli qoyulmuş bu milli həmrəliyimiz ən qısa zamanda milli birlik və bərabərliyimizə vəsilə olsun. Milli bayrağımız Bütöv Azərbaycan cümhuriyyəti səmalarına əbədi yüksələrək birlik və bütövlüyümüzün atributuna dönüşsün.
Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq güneyli soydaşlarımız adından bu 106 illik tarixə malik qürurlu və sevincli günü millətimizə fərəhlə yaşatdığına görə möhtərəm İ.Əliyev zati-ailələrini və uca xalqımızı bir daha könülü qəlbdən təbrik edir.
Güney Azərbaycanın istiqlaliyyəti və Cümhuriyyətinin bərpası diləyi ilə, Cümhuriyyət dəyərlərini var edən müstəqillik bayramımız mübarək olsun!
İnsanlara Azadlıq, Millətlərə İstiqlal
Hörmətlə,
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
27 May 2024