Uca Türk Milləti!
Böyük Azərbaycan elləri!
Bu gün tariximizin ən şanlı, ən uca səhifələrindən biri – 21 Azər Milli Hökumətinin yaranmasının 80-ci ili tamam olur. Bu müqəddəs gün, Güney Azərbaycanın azadlıq fəryadı, millətimizin bir yumruq olub ayağa qalxdığı, türklük və azərbaycançılıq ruhunun göylərə ucaldığı gün kimi yaddaşlarımızda əbədi yaşayır.
21 Azər Milli Hökuməti qısa müddətdə millətimizə sevinc, qürur və böyük ümid gətirdi. Ana dilimiz dövlət idarələrində eşidildi, məktəblərimizdə türkcə dərs keçildi, Güney Azərbaycan türkünün öz taleyinə sahib çıxmaq iradəsi bütün dünyaya bəyan olundu. Ömrü az olsa da, millətimizin könlündə əsrlər boyu sönməyəcək bir od, bir işıq yandırdı.
Bu gün biz, ACP olaraq bir daha bildiririk:
– 21 Azər ruhu yaşayır və yaşayacaq!
– Türklük və Azərbaycançılıq ideyası Güney Azərbaycanda heç vaxt sönməyəcək!
– Xalqımızın milli haqq və hüqüqları uğrunda mübarizəmiz durmayacaq, daha da güclənəcək!
Biz ACP olaraq qətiyyətlə vurğulayırıq ki, Güney Azərbaycan Türkləri öz dilində, öz kimliyində, öz torpağında azad, müstəqil və ləyaqətli yaşamaq haqqına malikdir. Bu haqqı heç bir qüvvə bizdən ala bilməz və almayacaq!
Bu müqəddəs gündə millətimizin bütün övladlarını birlik, dirlik və həmrəylik içində olmağa çağırırıq. Biz bir olsaq, güclü olsaq, milli kimliyimizə və müqəddəratımıza sahib çıxsak – 21 Azərin məşəli daha gur yanacaq, yolumuzu daha parlaq işıqlandıracaq.
Yaşasın Güney Azərbaycan!
Yaşasın Türklük və Azərbaycanlılıq!
Yaşasın 21 Azər Milli Ruhu!
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
21 Azər – Milli Dirəniş Günü 1404 günəş tarixi
12 -12-2025