Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsinə dair ACP-NİN Bəyanatı 

Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsinə və ətraf ərazilərin Ekoloji vəziyyətinin pozulmasına dair Azərbaycan Cümhuriyyət Partiyasının Bəyanatı

Ekoloji fəlakətlər ayrı-ayrı dövlətləri və xalqları yox, bütün dünyanı və insanlığı narahat edən problemlərdəndir.

Son günlərdə Ermənistan tərəfindən Naxçıvanla sınırda Arazdəyən ərazisində böyük Metalloji (Metallurgiya) fabrikasının tikilməsi barədə planın gündəmə gətirilməsi hər kəsin narahatlığını artırmışdır. Çünki uzun müddətdir Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsi barədə gələn məlumatlar gündən-günə artmaqdadır. Bu səbəbdən də bəhs olunan mövzu artıq yerli və beynəlxalq ictimayyətin də diqqətini özünə cəlb etməkdədir.

Buna görə də sözügedən məsələ elə ilk gündən ACP və tərəfdarlarını da ciddi şəkildə narahat etməkdədir. Belə ki, Ermənistan tərəfindən Araz sahilində ekologiya tarazlığının pozulması nəinki Araz çayının su canlılarına, həm də ərazinin flora və faunasına ciddi təsir edəcəkdir.

Bu ərazilərdə biomüxtəlifliyin bütünlüklə məhv ediləcəyi hər kəsə məlumdur.

Bütün bunlar isə Arazın hər iki tərəfində yaşayan azərbaycanlılara dərindən təsir edir.

Ona görə ki, illərdir Ermənistanın “Metsamor” atom elektrik stansiyasının ən təhlükəli radioaktiv tullantılarını Araz çayına axıtması Azərbaycanın Güneyində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Muğan və Ərdəbil vilayətlərinin yeraltı sularını çirkləndirir və nəticədə insanlarımızda dəri, mədə və bağırsaq xərçəngi həddindən artıq artmış, ətrafda bir çox canlı , bitki və heyvan həyatını itirmiş, minlər kvadratmetr əkincilik torpaqları zəhərlənmiş, əkincilik və heyvandarlıq sektoru böyük ziyan görmüşdür.

Güney Azərbaycanın milli və çevrə aktivistləri dəfələrlə bu cinayəti işıqlandırsalar da, İran dövləti bu məsələyə nəinki laqeyd qalır, eyni zamanda molla rejimi özü də Ermənistan kimi bölgənin təbiətini yox etməkdə böyük rol oynayır.

ACP faciənin miqyasının daha da genişlənmədən dərhal Ermənistan metallurgiya fabrikasının kontrol altına alınmasını, yeni tikintilərin dərhal durdulmasını, Araz çayının uluslararası səviyyədə qorunmağa alınmasını vacib görür.

ACP ekoloji fəlakətə yol açan, Azərbaycan və bölgə insanlarının sağlığını ciddi təhlükəyə atan, bölgənin təbiətinə və canlılarına zərər verən şirkət və dövlətlərə qarşı uluslararası məhkəmə vasitəsi ilə dava açılmasına tərəfdar olduğunu açıq bəyan edir.

ACP Azərbaycanda yurddaşlarımızın sağlığından və Azərbaycan təbiətinin üzləşdiyi təhlükədən ciddi nigarandır və bu məsələnin acıl beynəlxalq müstəvidə müzakirəyə çıxarılmasını vacib sayır və bu haqqda addımlar atacağını bildirir.

Əziz milli fəallar və uca Azərbaycan xalqı, vətənimizi və bölgələrimizi bürüyən yapay (saxta) və mühəndislik olmuş ekoloji fəalkətlərə səssiz və seyrici qalmamalıyıq. Gələcək nəsillərimiz üçün hərtərəfli vətənimizin keşiyində durub, etiraz səslərimizi yüksəldib, Ermənistanın cinayətkar əməllərini birlikdə məhkum etməliyik.

Hörmətlə,

ACP-nin İnsan haqqları və Çevrə müdafiə Qurulu 18-07-2023

 

Scroll to Top