Barış Bozqurd:İran həm Azərbaycan dövlətinə həm Güneydə milli hərəkatçılara mesaj verir

Güney Azərbaycan Cümhuriyyət Partiyasının media və ilətişim təmsilçisi Barış Bozqurd İranın illərdir yürütdüyü antiazərbaycan siyasəti haqda axar aza danışıb:

 

“Təbrizdə Ermənistan konsulluğunun açılması qərarı bu təxribatların növbəti nümunəsidir. Özünü şiə və müsəlman adlandırmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də Azərbaycanın deyil, Ermənistanın yanında oldu.

Bu, Güney Azərbaycanda narahatlıq yaratdı. İranın belə siyasətinə qarşı güneylilər küçələrə çıxıb, öz etirazını bildirdi. İndi də İranın atdığı son addım istər xalq, istərsə də sosial mediada kəskin etiraz yaradıb.

Güneydə Azərbaycanın siyasi təşkilatı olaraq belə bir işin olmasına qarşıyıq. Buna var gücümüzlə etirazımızı bildiririk. Çünki bütün İran ərazisində olan ermənilərin sayı 20-25 min arasındadır. Bu rəqəmlərin özü də şübhəlidir. Ola bilsin ki, daha azdır. Şərqi Azərbaycanda yaşayan erməni əhalisinin dəqiq sayına isə rast gələ bilmədim. Ermənilər, əsasən Tehran və İsfahanda yaşayır. Şərqi Azərbaycanda isə sayları o qədər deyil ki, Təbrizdə onlar üçün konsulluq yaradılsın. Biz yaxşı başa düşürük ki, bu siyasət Azərbaycanın bütövlüyünə qarşıdır. Buna isə təəccüblənmirik, İranın ənənəvi siyasəti həmişə bu cür olub.

 

Bu addım, eyni zamanda Milli Hərəkata qarşı psixoloji təzyiqdir. Bununla da bizə qarşı savaş açdığını göstərir”.

Scroll to Top