2 İsfənd — 21 Fevral, Dünya Ana Dili Günü bizim üçün adi tarix deyil. Bu gün beynəlxalq aləmdə ana dili uğrunda mübarizəmizin nə qədər haqlı və zəruri olduğunu göstərir.

 

Dünya dil xəzinələrinin qorunması uğrunda səfərbər olduğu bir əsrdə, Güney Azərbaycanda yaşayan 30 milyon Azərbaycan türkü hələ də farslaşdırma, assimilyasiya və sistemli əridilmə siyasətləri qarşısında ana dilini və milli kimliyini qorumaq mübarizəsini davam etdirir.

Türk dili bizim üçün yalnız ünsiyyət vasitəsi deyil; dilimiz millətimizin varlığı, kökü və nəbzidir. Ana dilimiz kimliyimizin və tariximizin əsas dayağı, ana yurdumuz Azərbaycanın şəxsiyyət vəsiqəsi, şərəfi və minillik qəhrəmanlıq dastanıdır.

Türk dilinin hər sözü minilliklərin sevgisini, mübarizəsini, səbrini, qoca tarixi və zəngin mədəniyyətini daşıyır.

İranda ana dilində təhsilin qadağan edilməsi tarixi bir zülm, böyük bir təhqir və türk milli varlığını yox etməyə yönəlmiş ciddi təhdiddir. Bu siyasətin mahiyyəti milli kimliyi zəiflətmək və bir milləti öz kökündən qoparmaqdır.

Biz susmayacağıq.

Biz — Güney Azərbaycan Cümhuriyyətçi Gəncləri — millətimizin, tariximizin və gələcəyimizin adı ilə hayqırırıq:

“Ana dilində təhsil — ibtidai məktəbdən universitetin sonuna qədər!”

Bu, imtiyaz deyil; təbii, ilkin və danışıqsız bir haqqdır.

Biz tarixin coşan dalğasını təmsil edərək bəyan edirik: Biz minilliklər boyu möhkəm yaşamış bir mədəniyyətin varisləriyik.

Biz dilimizi təzyiq və təhrif tozundan təmizləyəcəyik.

Biz kimliyimizi zülm, təhqir və əridilmə siyasətlərindən azad edəcəyik.

Biz ata-baba yurdumuz Azərbaycan torpağında şərəf və azadlıq bayrağını ucaldacağıq.

Heç bir sui-qəsd bu milli qüruru susdura bilməz. Tarixin dalğası xalqların xeyrinədir və Güney Azərbaycan türklərinin kimlik günəşi yaxın zamanda doğacaq.

Yaşasın Türk dili!

Yaşasın oyanmış Güney Azərbaycan türkləri!

Güney Azərbaycan Cümhuriyyət Partiyası

21 Fevral 2026