Güney Azərbaycan Cümhuriyyət Partiyası yaranışından etibarən, öz strateji ilkələrinə (prinsiplərinə) əsaslanaraq, “İran” adlandırılan coğrafiyada əsarət altında saxlanılan millətlər arasında qarşılıqlı hörmət, tarazlı münasibətlər və ortaq milli maraqlara əsaslanan əməkdaşlığın zəruriliyini daim önə çəkmişdir.
ACP, əsir xalqların öz müqəddəratını təyin etmə hüququna, tarixi sərhədlərə əsaslanan ərazi bütövlüyünə(1925-ci il çevrilişindən öncəki vəziyyət) və ədalətli, qarşılıqlı anlayışa söykənən birgə yaşam modelinə sadiq olan bütün siyasi və ictimai qüvvələrlə qarşılıqlı faydalı və davamlı əlaqələrin qurulmasına hazır olduğunu birmənalı şəkildə bəyan edir.
Bu yanaşma ACP-nin Rəhbərlik Şurasının ilk qərarında hüquqi və siyasi əsas kimi təsbit edilmişdir. Qərara əsasən, Azərbaycan Türk xalqının tarixi torpaqlarının işğalında və müstəmləkələşdirilməsində bilavasitə və ya dolayısı ilə iştirak edən, bu prosesdə məsuliyyət daşıyan, xalqımıza qarşı zorakılıq və qanlı repressiyalar həyata keçirmiş, yaxud anti-türk ideoloji mövqe ilə düşmənçilik, parçalanma və sabitsizlik toxumu səpən bütün siyasi çevrələrlə hər növ əlaqə və əməkdaşlıq, Partiyanın mövqeyinə görə, tamamilə qəbuledilməz və istisnadır.
Mövcud kürd siyasi təşkilatlarının fəaliyyətlərinin təhlili, onların Azərbaycan Türklərinə qarşı sistemli şəkildə nifrət və təhrif siyasəti apardığını, tarixi reallıqları saxtalaşdırmaqla regionda etnik qarşıdurma yaratmağa cəhd etdiklərini və bu fəaliyyətlərlə strateji əməkdaşlıq və ya siyasi dialoqun qeyri-mümkün olduğunu açıq şəkildə göstərmişdir.
Partiya hesab edir ki, Azərbaycan Türklərinə qarşı düşmənçilik məsələsində, hazırkı kürd siyasi aktorları ilə fars-şovinist güclər – o cümlədən İran İslam Respublikası, monarxist dairələr və MKO – arasında mahiyyət etibarilə heç bir fərq yoxdur. Bu çevrələr formal fərqlərinə baxmayaraq, türk millətinə qarşı həyata keçirilən assimilyasion, kolonializm və ideoloji təcrid siyasətində ortaq maraq və sinxron fəaliyyət nümayiş etdirmişlər.
Güney Azərbaycan Cümhuriyyət Partiyası öz mübarizə prinsipləri çərçivəsində, milli maraqlara, tarixi və mədəni kimliyə, eləcə də ərazi bütövlüyünə təhdid yaradan hər bir ideoloji və siyasi strukturun açıq şəkildə düşmən mövqeyində dayandığını və bu baxımdan Azərbaycan Türk millətinin açıq düşməni hesab olunduğunu bəyan edir.
ACP-nin, dəyişməz və prinsipial mövqeyinə əsaslanaraq bildirir ki, istər real düşmənlə mübarizədə, istərsə də potensial təhlükə daşıyan güclərlə münasibətdə, situativ ittifaqlara və müvəqqəti yaxınlaşmalara getmək, siyasi etika və milli maraqlar baxımından qəbuledilməzdir. Orta Şərqdəki tarixi proseslər və Azərbaycanın geosiyasi mövqeyi sübut etmişdir ki, Azərbaycanın düşməninin düşməni, mütləq mənada Azərbaycanın müttəfiqi və ya dostu sayıla bilməz. Azad və Müstəqil Güney Azərbaycan ideyası uğrunda aparılan mübarizədə, istənilən formada anti-türk və anti-Azərbaycan mövqe sərgiləyən qüvvələrlə əməkdaşlıq ehtimalı qətiyyətlə istisna olunur.
Güney Azərbaycan Cümhuriyyət Partiyasının Xarici Əlaqələr Komitəsi
20 april 2025