Güney Azərbaycan milli-mədəni fəallarını azad edin

Güney Azərbaycanlı fəallara qarşı təzyiqləri, işgəncələri, qanunsuz həbsləri, sözdə məhkəmələri, sübuta yetirilməmiş cinayətləri pisləyirik.

İran rejimi bir müddət əvvəl Güney Azərbaycanlı bir sıra insan haqları və ətraf mühit fəallarını həbs edib.

Murtuza Nurməhəmmədi, Əli Babayi, Peyman İbrahimi, Hüseyn Azadi, Əmirhüseyn Əqayi, Mehrdad Qədiri, Davud Şiri, Əşkan Səadətmehr, Araz İbrahimnejad, Məhəmmədrza Müvəhhid və Cavad Sudbar İran təhlükəsizlik qüvvələri tərəfindən özbaşına həbs edilən fəallardırlar. Bundan əlavə, hazırda həbsdə olan Güney Azərbaycan milli hərəkatının bir çox digər fəalları var ki, onların kimliyi hələlik məlum deyil.

İran rejimi bu özbaşına və qeyri-qanuni həbslərdə Güney Azərbaycan milli və vətəndaş fəallarına qarşı gücsüzlüyünü və qorxaqlığını nümayiş etdirdi.

Güney Azərbaycan Respublikası Partiyası (ACP) insan haqları departamenti olaraq Güney Azərbaycanlı insan haqları və ətraf mühit fəallarına qarşı təzyiqləri, işgəncələri, qanunsuz həbsləri, sözdə məhkəmə proseslərini, sübuta yetirilməmiş cinayətləri pisləyir və həbs olunan bütün fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

ACP olaraq demokratik dövlətlərə və beynəlxalq insan haqları təşkilatlarına müraciət edərək, Güney Azərbaycanın haqq səsini dəstəkləməyə və İrandakı məzlum qeyri-fars xalqlarının milli iradə və istəklərinə beynəlxalq səviyyədə hörmət etməyə çağırırıq.

Güney Azərbaycan Cümhuriyyət Partiyası -İnsan Haqları departamenti

01.10.2023

Scroll to Top