Azərbaycan Respublikasının Prezidenti , İlham Əliyev cənablarına müraciət

Hörmətli cənab Prezident,

Biz, yeni təsis edilmiş Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) təsisçiləri adından Sizi və Sizin komandanlığınız altında ən yeni tariximizin zəfər tarixini yaratmış müzəffər Azərbaycan ordusunu, eləcə də, bu zəfərin əldə olunmasına öz dəstəyini göstərmiş bütöv Azərbaycan xalqını dərin sevgilər və sayqılar ilə salamlayaraq, Azərbaycan şəhidlərinə və böyük ailələrinə minnətdarlığımızı bildiririk.

1918-ci ildə əsası qoyulmuş Cümhuriyyətin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikasının artıq bu gün Sizin rəhbərliyiniz altında tarixi torpaqlarına öz varislik iddiasını tələb edərək 50 milyonluq bir xalqın haqq səsi olması, eləcə də, müstəqil dövlətimizin dünyanın dinamik inkişaf edən qalib dövləti statusu qazanması hər bir azərbaycanlı tərəfindən açıqdan-açığa fəxarətlə yad edilməkdədir.

Sizin liderliyiniz altında qazanılmış bu tarixi uğurları və apardığınız siyasi proseslərin 40 milyonluq Güney Azərbaycana təsirini biz –  Azərbaycan xalqı güneydə daha yaxından hiss edirik. XXI əsrdə xalqımızın özünə qayıdışı ilə bağlı başlanılmış bu prosesin dönməzlik qazanması üçün biz Güney Azərbaycan siyasi həyatında artıq yeni bir dövrün başlanıldığını açıq şəkildə bəyan edirik.

Eyni zamanda, xalqımız şüurlu şəkildə bu proseslərə öz dəstəyini göstərmək niyyətinin olduğunu bildiriməkdəyik. Bu məqsədlə biz bir qrup güneyli gənc olaraq müstəqil Azərbaycan Respublikasını özümüzə örnək götürərək Güney Azərbaycan Cümhuriyyət Partiyasını təsis etdik.

Cənab Prezident, möhtərəm Ali Baş Komandan, sizində açıq buyurduğunuz kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda, indiki İran adlı ölkədə tarixi Azərbaycan torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı hakim fars rejimi tərəfindən iki yüz ilə yaxındır ki, dayanmadan işğalçəlıq ,düşmənçilik, assimilyasiya – farslaşdırma siyasəti aparılır.

Azərbaycanın cənub toprağlarında Azərbaycan türk xalqının milli kimliyini aradan qaldırmaq üçün hər vasitədən istifadə edilir, xalqımıza qarşı etnik zəmində sistemli cinayətlər törədilir, soydaşlarımız repressiyalara, həbslərə, sürgünlərə və edamlara məruz qalırlar.

Azərbaycan Türklərinin ana dilində təhsil almaları qadağan edilməklə yanaşı, hətta ailələrə öz evlərində məişət həyatları ilə bağlı farsca danışmağa məcbur edilir. Rejimin əli ilə aparılan təbliğatlarda Azərbaycan türk milli kimliyi açıqdan-açığa aşağılanır və lağa qoyulur.

Bu kimi düşünülmüş addımlarla xalqımız öz milli kimliyinə, vətəninə və tarixinə nifrət edilməyə sövq edilir.

Eyni zamanda, bu ölkədə xalqımızın kompakt yaşadığı ərazilərdə dövlət tərəfindən sistemli şəkildə ekoloji terrorlar törədilir.

Bu ərazilərə qəsdən göstərilən laqeyd münasibət nəticəsində Urmu gölünün qurudulmasına şərait yaradılır, radioaktiv maddə tullantıları məhz bu ərazilərdə torpağa basdırılır, Azərbaycan ərazi bütövlüyü pozulmuş etnik mühəndisliyi sürətilə aparılmaqdadır.

Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanlır  farsdilli əhalinin yaşadığı əyalətlərin abadlaşmasına və inkişafına xərclənir.

  • Bundan əlavə, gələcəkdə digər xalqlarla qarşıdurma yaradılması məqsədi ilə Azərbaycan ərazilərində müxtəlif yollarla sürətli şəkildə demoqrafik dəyişikliklər aparılır.

Bir sözlə hal-hazırda İran adlanan dövlətdə Azərbaycan xalqına qarşı etnik və mənəvi bir soyqırım həyata keçirilir.

İran anti-Azərbaycan fəaliyyətləri yalnız Azərbaycanının güneyindəki türk xalqımıza qarşı yox, həm də artıq müstəqil Azərbaycan Respublikasına qarşı da yönəlmişdir.

İran adlanan dövlətin bu məkirli fəaliyyətləri həm 44 günlük Vətən müharibəsi zamanı, həm də Azərbaycanın ədaləti bərpa etdiyi tarixi qələbədən sonra daha artıq aşkar şəkildə büruzə verilməyə başlamışdır.

İranın anti-Azərbaycan siyasəti və fəaliyyəti artıq elə bir mərhələyə gəlib çatdı ki, Sizin tərəfinizdən də dövlət səviyyəsində İrana ciddi mesaj verildi. Bununla da Azərbaycan dövlətçiliyinə, onun müstəqil siyasətinə qarşı addımların atıla bilməyəcəyi, milli mənafelərimizə və milli təhlükəsizliyimizə qarşı hansısa təxribati fəaliyyətlərinin aparılmasına yol verilməyəcəyi Sizin tərəfinizdən açıq və rəsmi şəkildə vurğulanıldı.

Bununla da regionda geosiyasi və təhlükəsizliklə bağlı hər hansı bir prosesin aparılmasında Azərbaycan söz sahibi olan bir dövlətə çevrildi.

İnanırıq ki, bundan sonra da İran adlanan dövlətin Azərbaycana qarşı atdığı istənilən təxribat xarakterli addım cavabsız qalmayacaq, eyni zamanda Azərbaycan dövləti Güney Azərbaycana qarşı şovinist İran rejimi tərəfindən aparılan diskriminasiyaya və mədəni-etniki soyqırım siyasətinə göz yummayacaqdır.

Çünki artıq bizim bölgədə söz sahibi olmağımıza əsas verən güclü liderimiz, güclü dövlətimiz və güclü ordumuz vardır!

Hörmətlə,

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

12.07.2023

 

Scroll to Top