GATƏŞ -dən irana xəbərdarlıq

 

İsrail ilə İran İslam rejiminin 12 günlük savaşından sonra, xüsusilə də son günlərdə, istər İran İslam rejiminin güc mərkəzlərini əhatəsinə almış, istərsə də özünü rejimə müxalif adlandıran Fars irqçilərinin Azərbaycana qarşı media və siyasi hücumları maksimum həddə çatmış və birmənalı hal almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və digər dövlət rəsmilərinin bir çox dəfə açıq şəkildə bu ittihamları rədd edərək Azərbaycan ərazisi və havasından İrana qarşı heç bir təhdidin olmadığını açıqlamalarına baxmayaraq, hər gün Fars yönlü mediada Azərbaycan Respublikasına qarşı əsassız və yalan iddiaların səsləndirilməsi davam etməkdədir.

 

Eyni şəkildə Güney Azərbaycan Milli Hərəkatının təşkilatları və mediaları dəfələrlə vurğulayıblar ki, Güney Azərbaycan və İranın müxtəlif bölgələrində yaşayan Türk milləti bu savaşın bir tərəfi deyil və bu savaş İran İslam rejimi tərəfindən millətimizə təhmil edilib. Necə ki, bu savaşın çıxmasının əsas səbəbkarı da bütün beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış bir dövləti yox etmək istəyən, bütün dünyaya terror şəbəkələri yayan və İranda yaşayan bütün millətlərə zülm edən İran terror rejiminin özüdür.

 

Amma nə yazıq, görürük ki, bu rejim və ümumilikdə fars şovinistləri yalnız Quzey Azərbaycana deyil, eyni zamanda Güney Azərbaycanda mövcud olan siyasi qüvvələrə də hücum etməkdə və onları sıradan çıxarmağa çalışmaqda davam edirlər. Necə ki, son günlərdə yenidən Güney Azərbaycanlı Türk fəallar rejim qüvvələri tərəfindən həbs olunmaqda və rejimin saxta məhkəmələri tərəfindən ağır cəzalara məhkum edilməkdədirlər.

 

Bütün bunlar onu deməyə əsas verir ki, İran rejiminin həm hakim dairələrində, həm də müxalifətində olan Fars irqçiləri Azərbaycanı və ümumilikdə Türk millətini bütövlükdə özlərinə rəqib, hətta düşmən kimi görməkdə və bu yöndə davranmaqdadırlar.

 

Son iki ildə bütün mövqelərini bir-bir itirən və 12 günlük savaşla faktiki olaraq məğlub olan İran İslam rejimi artıq İsrail–ABŞ–AB ittifaqına qarşı durmaq gücündə olmadığını görür və digər tərəfdən, müttəfiq saydığı ölkələrdən də gözlədiyi dəstəyi ala bilmədiyinə görə hər zaman olduğu kimi, yenə də gücü çata biləcək hədəflər axtarır. Əgər rejim Azərbaycana və Türk millətinə bu gözlə baxırsa, bu, onun həyatındakı ən böyük səhv olacaqdır. Artıq bütün dünya bilir ki, nə Quzey Azərbaycan, nə də Güney Azərbaycan 1990-cı illərin Azərbaycanı deyildir. Bu gün dünyada tamam başqa bir Azərbaycan Türk milləti reallığı və əlbəttə Türk dünyası həqiqəti vardır.

 

Biz, Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasına üzv olan bütün qurumlar, İran İslam rejiminə xəbərdarlıq edirik ki, istər Zəngəzur dəhlizi, istərsə də 12 günlük savaşla bağlı əsassız iddiaları bəhanə edərək Azərbaycan Respublikasına qarşı hər hansı bir təxribata əl atarsa, Qarabağ Savaşında olduğu kimi, Güney Azərbaycan və İranın bütün Türk əsilli vətəndaşlarının kəskin reaksiyası ilə qarşılaşacaqdır. Eləcə də mövcud durumdan yararlanaraq əsassız ittihamlarla Güney Azərbaycanın siyasi qüvvələrini sıradan çıxarmağa və Azərbaycan Milli Hərəkatına divan tutmağa cəhd edərsə, yenə kəskin cavabını Türk millətindən alacaqdır.

 

 

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası

1. Azərbaycan Demokrat Firqəsi – ADF

2. Azərbaycan Mərkəz Partiyası – AMP

3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH

5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP

6. Güney Azərbaycan Demokrat Partiyası – GADP

7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

8. Güney Azərbaycan Milli Dövlətçilik Şurası – MDŞ

9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

Scroll to Top