Türk millətini 8 Noyabr Zəfər Bayramı və 9 Noyabr Milli Bayraq günü münasibəti ilə rəbrik edirik

Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına TƏBRİK

Hörmətli Müzəffər Ali Baş Komandan,Möhtərəm Cənab Prezident,

 

Sizi və Sizin timsalınızda millətimizə qələbə sevinci yaşatmış müdrik Türk xalqımızı 8 Noyabr Zəfər Bayramı və 9 Noyabr Milli Bayraq günü münasibəti ilə Güney Azərbaycan xalqı və onun milli haqları uğrunda mücadilə aparan Güney Azərbaycan Cümhuriyyət Partiyası adından səmimi qəlbdən təbrik edirik. 

Son üç əsrdə ilk dəfə olaraq belə bir möhtəşəm qələbəyə yetmək məhz Sizin müzəffər komandanlığınız altında xalqımıza nəsib olmuşdur. Əlli milyonluq bir xalqı qələbə bayrağı altında toplamaq və ona zəfər sevincləri yaşatmaq tarixdə hər sərkərdəyə müyəssər olmamışdır. Yalnız, milli tariximizə qızıl hərflərlə zəfər gününü həkk etmək ilk dəfə XXI əsrdə Sizə şamil olmuşdur. Bunun üçün qədrbilən qəhrəman Azərbaycan xalqı dünyanın harasında yaşamağından asılı olmayaraq bu gün Sizin adınızla iftixar duyur və Sizi öz zəfərinin öndəri, bayraqdarı sanır.

Biz, Güney  Azərbaycan xalqı olaraq bu gün zamanın zorunlu şərtləri altında fizikən dövlətimizdən ayrı salınsaqda, mənəvi və ruhi baxımdan özümüzü daima Azərbaycan dövlətinin yanında hiss etmişik və bu gündə Azərbaycan dövlətinə mənəvi bağlılığımızı daima ifadə etməkdəyik. Bu səbəbdən də bu gün iftixar hissi ilə xalqımızın yaşadığı qələbə sevincinə ortaq olduğumuzu bir daha Sizin və qəhrəman xalqımızın diqqətinə yetirmək istəyirik. 

Qoy, qələbəmiz əbədi və əzəli olsun. Dövlətimizin gücü bir daha sarsılmasın, zəfərlə təməli qoyulmuş bu milli həmrəliyimiz ən qısa zamanda birlik və bərabərliyimizə vəsilə olsun. Milli bayrağımız əbədi birlik və bütövlüyümüzün atributuna dönüşsün. 

Artıq Zəfər tariximizin müjdə dolu sevinc hissi tək Quzey Azərbaycanda yox, eyni zamanda, Güney Azərbaycanda böyük rəğbətlə qarşılanmaqdadır. Bu səbəbdən də biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq güneyli soydaşlarımız adından bu qürurlu və sevincli günlər münasibəti ilə Siz zatiailələrini və uca türk xalqımızı bir daha könülü qəlbdən təbrik edir və ümid edirik ki, Sizin liderliyiniz altında üçrəngli dövlət bayrağımız ən qısa zamanda bütöv Azərbaycanın tarixi torpaqlarında yüksələcəkdir. 

Zəfər bayramınız, Milli bayraq günümüz mübarək olsun!

Hörmətlə,

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) 

 

Scroll to Top