1Xurdad (22 May) Güney Azərbaycan Milli Qiyamının 18-ci il dönümü ilə bağlı Azərbaycan Cümhuriyyət Partiyasının BƏYANATI

Əziz uca millətimiz,

Artıq 18 ildir May ayı Güney Azərbaycan milli hərəkatı tarixində altın hərflərlə yazılmış 1 Xurdad (22 May 2006-cı il) “Milli Qiyamının” anım günü kimi qeyd edilib yaşadılmaqdadır. 

 

Bu məqsədlə Azərbaycan Milli Hərəkətının bağrından çıxmış ACP tərəfindən də bu tarix milli hərəkatımız üçün özəl bir gün kimi qəbul edilməkdədir. Ona görə ki, 99 ildir öz milli kimliyi uğrunda mücadilə aparan Azərbaycan  milləti 1 Xurdad (22 May 2006-cı il) “Milli Qiyamı” ilə öz milli gücünü və milli kimliyini ortaya çıxardı.

1 Xurdad (22 May 2006-cı il) “Milli Qiyamı” millətimizin öz milli kimliyinə qayıdışı yolunda bir dönüm nöqtəsi olduğu kimi, həm də milli hərəkatın yaxşı şəkildə irançılıq məfkurəsinə və fars rejiminə bir tərs şapalağı oldu.

Yanı 1 Xurdad (22 May 2006-cı il) “Milli Qiyamına qədər açıqdan-açığa millətimizi saya qoymayan, onun ana dilini  və milli kimliyini əlindən alan, sərvətlərini talayıb fars bölgələrinə yatıran, müəllim, həkim, əkinçi, tacir, işçi, öyrənci, fəhlə, və sayır demədən kimsəni hesaba almayıb sosial və milli ayrımçılqlar edən, millətimizi açıq şəkildə ekoloji və milli terrora məruz qoyan, vətənimizi öz kolonisinə dönüşdürmümüş xarici istismar qaynağı bir bölgə kimi yanaşan, insanlarımızı eytim və texnoloji inkişafdan uzaq tutan və rejimin mətbu orqanlarında davamlı və sistemli şəkildə millətimizi böcək və heyvana bənzədərək aşağılamaya çalışmış qatil molla rejiminə dur dediyi bir tarix gün oldu.

Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası 1 xordad (22 May 2006-cı il) “Milli Qiyamını millətimiz önündə mücadilə olaraq milli və siyasi yönünə görə iki açıdan qiymətləndiririk.

1. Milli açıdan bu qiyam ilk dəfə olaraq bir bölgəni yox, bütün Güney Azərbaycan bölgələrini əhatə etdiyi üçün rejimə milli hərakatın gərçək gücünü göstərməklə yanaşı, həm də millətimizə öz gücünə inamını yenidən ortaya qoydu. Həmçinin, millətimiz Azərbaycanın vətən anlayışına və Türk milli kimliyinə sahib çıxaraq milli varlığını qoruyacağını göstərdi. Milli Hərəkatının adına ortada olan siyasi qüvvələrin və təşkilatların vahid mövqedən çıxış edərək millətin önünə düşə bilməməsi qiyamın milli çevrilişə dönməsinə mane olan səbəb oldu. Əgər siyasi təşkilatlanma və milli birliyi saxlamaqla bəlli stratejik hədəflərimiz ortada olsaydı, qiyamın sonrakı dönəmlərdə hərəkatın davamlı və sürətli inkişaf yolu tutmasına səbəb olacaqdı.

2. Siyasi açıdan isə bu qiyam bölgəsəl dəstək alamadı. Çünki Güney Azərbaycan Milli Hərəkatının qalxınmasının bölgəsəl dəyişimlərdə önəmli kilid bir rola malik olacağı Türk dünyasının siyasi kəsimi tərəfindən milli mənafe baxımından düzgün qiymətləndirilmədi. Əgər o dönəm bu istiqamətdə siyasi qiymətləndirmə və dəstək düzgün olsaydı, milli hərəkat bu gün bölgədə fərqli dəyişimlərə təsir edəcəkdi. Nəticə də, bu gün Zəngəzur koridoru üçün əngəl yaradanlar artıq öz dəyərini elə o dönəmlərdə itirmiş olacaqdı. Bu yanaşmaların düzgün qiymətləndirilə bilməməsi jeopolitik olaraq bu gün bölgədə izlənən Türk dövlətləri birliyi politikasından çıxış etməyə mane olan amilləri doğurdu. Bölgəsəl siyasi güc halına gələcək Türk birliyi və Turan blokunun var oluşunun nüvəsində Güney Azərbaycan milli hərəkətinin durduğu o zaman unudulsa da, artıq indi bu reallıq hər kəsə məlum oldu. Çünki Güney Azərbaycan azadlığından kənarda bölgədə gəlişmə və sabitliyin olacağı sadəcə xülyadır. Bunu həm Quzey Azərbaycan, həm də Türkiyənin milli siyasi kəsimi artıq gec də olsa dəyərləndirməlidir. Çünki Güney Azərbaycanda istiqlaliyyət və cümhuriyyət dəyərləri mövcud olmadıqca bölgənin yönətim gücü işğalçı imperialist qüvvələrin əlində olacaqdır. Bu səbəbdən Güney Azərbaycan Milli hərəkatı öz siyasi gücünü milli dəyərlər üzərində qurmaqda israrlıdır. Ona görə ki, Tehranla və onun işğal rejimi ilə heç bir anlaşma bölgəyə və millətimizə nə rifah, nə də uğur bəxş etməyəcək.

Beləcə, 1 Xurdad (22 May 2006-cı il) “Milli Qiyamından 18 il ötsə də millət olaraq çıxarmalı olduğumuz milli və siyasi dərsləri və başarıları bir an belə unutmamalı və onları aşağıdakı kimi təsnif edib daima xatırlamalıyıq.

1. Bu qiyam millətimizin ən ağır basqılardan, işgəncə və zindanlardan keçməsinə rəğmən, özünün hələ də ayaqda olduğunu bir daha dünyaya göstərdi və Güney Azərbaycan istiqlaliyyət mücadiləsinin bütün gücü ilə davam etdiyini ortaya qoydu. Artıq 18 ildir Azərbaycan milli hərəkatı yeni bir dönəm və aşamaya keçmiş, açıqdan-açığa fars-irançı və ırqçı düşüncə sahiblərinin bütün anti türk hücumlarına və anti Azərbaycan siyasətlərinə qarşı dirənir. 

2. Bu qiyamda, milyonlar Azərbaycanlı qatılması və bütün Güney Azərbaycan bölgələrə yayıldığı  üçün,  həm iran işğalçı rejimi  və həmdə bütün dünya milli hərəkətin gərçək gücünü görmüş oldular. Milli hərəkat bu qiyamla dünyaya meydan oxuyan İran işğalçı rejiminə,  onun nə qədər zəif olduğunu göstərməklə yanaşı, həm də milli iradənin və gücün top-tüfəngli, atom bombalı ordu qüvvətlərdən də güclü olduğunu göstərdi.

3. Artıq 18 ildir  ki Azərbaycan milli hərəkəti fars irançı düşüncə sahiblərinin bütün anti türk və anti Azərbaycan siyasətlərinə qarşı dirəniş göstərərək irərləyir. Güney Azərbaycan milli hərəkatı gücü qarşısında aciz qalan İran işğalçı rejimi, Güney Azərbaycan milli hərəkatının daha uzaq hədəflərə yetməməsi üçün müxtəlif hiylələrə əl ataraq onu bölməyə çalışmışdır. Bununla yanaşı İranın müxalifət qüvvələri Azərbaycanı rejimə qarşı öz içinə çəkib Azərbaycanı qurban olaraq qullanmağa da cəhd etmişlər. Bu məqsədlə, millətimizi “Yaşıl hərəkat” və “Məhsa Əmini” kimi qeyri-milli hərəkatlara qataraq əritmək istəmişdirlər . Amma uzaq görən millətimiz bu sürədə nəinki onların heç birinə qatılmamış, həm də İran və irançılıq düşüncəsinin oyunçusu olmadığını bir daha bəyan etmişdi. Çünki artıq 22 maydan sonra millətimiz kəskin olaraq yalnız öz istiqlaliyyəti və milli dövlətinin bərpasi üçün ayaqda olmağa qərar vermişdir. Bunu da açıq öz siyasi tutumlarında göstərməkdədir. “Nə şahçıyam nə şeyxçı milliyətçiyəm milliyyətçi, Azadıq ədalət milli hökumət,  istiqlal,  azadlıq milli Cümhuriyyət”. 

4.  2006 May Qiyamının təsirlərini və qazanclarını yeni nəslin düşüncəsində və yaşam fəlsəfəsində, bugün açıq görmək olar. Son bir neçə ildə Güney Azərbaycan milli hərəkatı qarşısında gücsüz və təşviş duruma düşmüş işğalçı İran rejimi, indi də millətimizi etnik sorunlarla baş-başa qoymaq siyasətlərinə şiddət verməkdədir. Bu məqsədlə, Xəzər sahili (Heyran, Ənzəli ,Astara) və Batı Azərbaycan əyalətində , Qarabağ kimi qondarma etnik olaylar yaratmağı və Azərbaycan cümhuriyyəti ilə Türkiyə cümhuriyyətini də bu oyunlara çəkməyi hədəfləmişdir. Bunu son seçimlərdəki olaylar bir daha təsdiq etdi. Ancaq millətimiz və özəlliklə genclərimiz nəyinki bu oyunun fərqində oldu, həm də rejimin qurduğu siyasi oyunları pozmaq bilgisinə və gücünə sahib olduğunu göstərdi. Azərbaycanın Mart 2024-cü ildə İran məclis seçimi oyunlarını pozması bu konuda yüksək mili və siyasi şüurun bir nümunəsidir.

5. May qiyamı eyni zamanda Azərbaycan milli azadlıq hərəkatının konsolidə nöqtəsi oldu. İran işğalçı rejimi, Milli hərəkatı başsız qoymaq, hərəkat və millətin təşkilatlanmasını əngəlləmək, idolojili olaraq hərəkətin içini boşaltmaq və onu daha rahat məhv etmək üçün Güney Azərbaycan milli təşkilatları və siyasiləri arasına nifaq salmağa, hətta insanları və təşkilatları müxtəlif vədlərlə  rejimə xidmətə cəlb etməyə çalışmaqdadır. Eyni anti Azərbaycan fəaliyyətləri irançı müxalif tərəfindəndə görürük.

Amma bu qiyam və sonrasında “Azərbaycan bir olsun, istəməyən kör olsun”, “Ya azadlıq, ya ölüm”, “haray haray mən türkəm” ,“o tay bu tay bir olsun istəməyən kör olsun”  şüarlarını səsləndirərək meydanlara yürümüş millətimiz, öz milli seloqanları ilə onun yanlız “Azərbaycanın azadlıq” ruhuna bağlı olduğunu göstərir.

Milli hərəkət Azərbaycanın azadlığı üçün iran işğal rejiminin gücü qarşısında duracaq böyük güc olduğunu, onlar şəhid və yaralı verməklə ,1 Xurdad (22 May 2006-cı il) “Milli Qiyamın” da bir daha təsdiq etdi.

 

22 May qiyamı həm də millətimiz üçün Azərbaycan tarixində yeni 28 May Cümhuriyyətçilik yolundakı mübarizənin Güney Azərbaycanda parlayacaq ilk başlanğıcıdır. Bu məqsədlə ACP olaraq bütün millətimizdən istəyimiz İran işğal rejiminin fitnələrinə və şirin vədlərinə uymadan cümhuriyyətçilik yolunda son damla qanına qədər mücadilə etməsidir.

Bu saatdan sonra irançı qüvvələri ilə, Tehranla və onun bəsləmələri ilə bazarlıq , bir başa millətimizə və milli hərəkatımıza tarixi bir xəyanət sayılmalıdır. Yüz ilə yaxındır ki, Güney Azərbaycanda millətimiz öz azadlığı yolunda durmadan şəhidlər, məhbuslar, vermədədir. Bu yolda tökülən qanlar üçün daha möhkəm, daha əzmli davranmaq hər bir Azərbaycan sevərin vicdan borcudur.

 Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası və bütöv Azərbaycan sevdalıları olaraq 18 il öncə Milli hərəkatımıza altın hərflərlə yazılmış tarixi keçmişə nəzər salaraq, o taylı-bu taylı milli iradəyə və düşüncəyə bağlı hər kəsi milli hərəkatımız ətrafında milli birliyə səsləyirik!

Tanrı milli qiyamımızın və qutsal Azərbaycan davasının bütün qəhrəman şəhidlərinə rəhmət eləsin. Yolları davamlı, ruhları şad olsun.

Hörmətlə,

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

Təbriz şəhəri

20 May 2024

 

 

Scroll to Top