
İran Kəşfiyyat Nazirliyi (İttilaat) və SEPAH-ın son “təhlükəsizlik” bəyanatında onlarla müstəqil media, vətəndaş cəmiyyəti və Güney Azərbaycanın milli təşkilatlarının – o cümlədən Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP), Oğuz TV, AZOH, GünAz TV və AzTV-nin – “casusluq”da ittiham olunaraq baş düşmən elan edilməsi, İranın Azərbaycanın polad iradəsi qarşısında yaşadığı dərin qorxunu üzə çıxarır. Bu qara siyahı güc nümayişi deyil, əksinə, milli kimlikləri boğmaqla ayaqda qalmağa çalışan təhlükəsizlik aparatının acizliyinin açıq etirafıdır.
İran dövləti uydurma qanunlarla müstəqil qurumları hədəfə almaqla ağır böhran içində olduğunu ifşa edir.Dərin daxili və bölgəsəl böhranlarla sarsılan İran rejiminin bu basqıları təsadüfi deyil. Kütləvi həbslər, işgəncələr və edamlarla müşayiət olunan bu tədbirlər struktur səviyyəsində yaşanan təşvişin göstəricisidir. Rejim bu yolla əsir xalqları nəzarətdə saxlamaqla yanaşı; daxili çəkişmələri, kəşfiyyat şəbəkələrindəki satqınlıqları, hərbi-iqtisadi iflasını və hərtərəfli məğlubiyyətlərini ört-basdır etməyə çalışır.İranın təhlükəsizlik doktrinasında Bakı potensial, Təbriz isə faktiki düşmən kimi təqdim olunur. Çünki hər iki varlıq İranın işğalçı nizamını sarsıdır.Farsdilli müxalifətin əhəmiyyətli hissəsi də bu məsələdə İslam Cümhuriyyətindən daha radikal mövqe tutur.
Fars mərkəzçiliyinə və qeyri-fars millətlərinin hüquqlarının inkarına söykənən iran dövlətçiliyi düşmənçiliyə son verməyəcək.
Ən təhlükəli yanılgı bu düşmənçiliyin kökünü yalnız İslam Cümhuriyyətində, SEPAH-da və ya müəyyən şəxslərdə (Xamenei, Pezeşkian, Pəhləvi) axtarmaqdır. Son yüz ilin tarixi sübut edib ki, şahdan şeyxə keçid də daxil olmaqla, İranın bütün rejimləri Azərbaycanın kimliyinin və milli hüquqlarının müstəmləkə altına alınmasında eyni mövqedə olublar. Pezeşkianın hakimiyyətə gəlməsi, rejimin dəyişməsi və ya hökumətdə azərbaycanlıların təmsil olunması İran dövlətçiliyinin təməli dəyişmədikcə heç bir çıxış yolu verməyəcək.
Problem təkcə müəyyən rejimlə deyil, birbaşa İran dövlətçiliyinin mahiyyəti ilə bağlıdır. Quzeydə milli dövlətin yaşaması və Güneydə müstəqillik tələbinin güclənməsi bu müstəmləkəçi nizamın sonu deməkdir. Mövcudluğunu işğal və inkara söykəyən belə bir sistemlə davamlı sülh mümkün deyil. Yeganə çıxış yolu Azərbaycan türk millətinin müstəqil iradəsinə söykənmək, milli hərəkatı gücləndirmək və mərkəzin müstəmləkəçi mexanizmlərindən tam qopmaqdır
Güney Azərbaycan Cümhuriyyət PartiyasıTəhlil və Araşdırmalar Şöbəsi


