
İran Kəşfiyyat Nazirliyi (İttilaat) və SEPAH-ın kəşfiyyat qurumunun son vaxtlar yaydığı guya “təhlükəsizlik” xarakterli bəyanatda onlarla müstəqil media qurumu, vətəndaş cəmiyyəti təşkilatı və Güney Azərbaycanın milli siyasi təşkilatları– o cümlədən Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP), Oğuz TV, AZOH, GünAz TV və hətta Azərbaycan Cümhuriyyətinin dövlət televiziyası AzTV-nin “casusluq”da ittiham edilməsi, İran dövlət quruluşunun Azərbaycanın polad iradəsi qarşısında yaşadığı dərin qorxunu bir daha üzə çıxardı.
Bu qara siyahı güc nümayişi deyil, əksinə, milli kimlikləri boğmaq və orta əsr üsullu müstəmləkə nizamını davam etdirməklə ayaqda qalmağa çalışan təhlükəsizlik aparatının acizliyinin və hərtərəfli məğlubiyyətinin açıq etirafıdır. İran dövləti müstəqil media qurumlarını, vətəndaş cəmiyyəti təşkilatlarını və Azərbaycanın siyasi birliklərini özünün uydurduğu qanunlara əsaslanaraq hədəfə alır, onlarla hər cür əlaqəni cinayət hesab edirsə, bu, hər şeydən əvvəl onun mahiyyətini, xülyalarını və ağır böhran içində olduğunu ifşa edir.
Dövlətlərin və rejimlərin davranışının təhlili baxımından, İranın şovinist dövlət nizamının dərin daxili və bölgəsəl böhranlarla sarsıldığı bir dövrdə bu cür təhlükəsizlik və əmniyyət tədbirlərinin sərtləşdirilməsi təsadüfi deyil.Bu siyahının yayılması son dövrlərdə baş verən kütləvi həbslər, işgəncələr və vəhşicəsinə edamlarla birlikdə rejimin struktur və qurumsal səviyyədə yaşadığı təşvişin və öz mövcudluğunu təhlükə altında görməsinin göstəricisidir.
Rejim, əslində, İrandakı millətlər arasında qorxu yaratmaq, xalqları nəzarətdə saxlamaq və milli-mədəni fəaliyyətləri şeytanlaşdıraraq basqı altına almaq siyasəti güdməklə yanaşı, öz qorxularını, böhranlarını, siyasi uğursuzluqlarını, hakimiyyət uğrunda gedən daxili çəkişmələrini, kəşfiyyat və təhlükəsizlik qurumlarındakı satqın şəbəkələri, son müharibədəki hərbi və iqtisadi iflasını, eləcə də bütün sahələrdəki hərtərəfli məğlubiyyətlərini ört-basdır etmək üçün çarəsiz cəhd edir.İran dövlətçiliyinin təhlükəsizlik doktrinasında Bakı potensial düşmən, Təbriz isə faktiki düşmən kimi təqdim olunur.
Çünki Güney və Quzey Azərbaycan, hər iki varlıq İranın müstəmləkəçi və işğalçı nizamını sarsıdır.İran dövlətçiliyinin əsasları mahiyyət etibarilə Azərbaycanın milli varlığına qarşı düşmənçilik üzərində qurulub. Bu sistem fars mərkəzçiliyinə, kimlik inhisarına və qeyri-fars millətlərinin hüquqlarının inkarına söykəndiyi üçün bu struktur düşmənçiliyə son verməyəcək.
Belə bir quruluşda Güney Azərbaycanın talanı, Azərbaycan türklərinin kimliyinin və tarixinin alçaldılması və qadağan olunması, milli və mədəni fəaliyyətlərə qarşı düşmənçilik davam edəcək; dəyişən yalnız bu siyasətin alət və vasitələri olacaq, mahiyyəti deyil.Totalitarizm, Azərbaycanın işğalı, türk kimliyinin silinməsi və İran müstəmləkəçiliyi – istər İslam Cümhuriyyətinin dini istibdadı formasında, istərsə də fars millətçiliyi, İranşəhrçilik, İran mərkəzli respublikaçılıq və mərkəzçilik adı altında – eyni təmələ söykənir: hakimiyyət inhisarı, tarixin saxtalaşdırılması, milli hüquqların inkarı və işğalın davam etdirilməsi.
Elə buna görə də farsdilli müxalifətin əhəmiyyətli hissəsi də Güney Azərbaycanın milli hüquqlarına, müstəqil Azərbaycan Cümhuriyyətinə və türk kimliyinə qarşı çıxmaqda bəzən İslam Cümhuriyyətindən belə daha radikal və daha kinli mövqe tutur.
Bu səbəbdən, İran daxilində və müxalifətində fəaliyyət göstərən müxtəlif siyasi cərəyanlar haqqında mövcud biliklər göstərir ki, bu əsas strategiya dəyişməyəcək.Lakin ən mühüm və təhlükəli məsələ odur ki, istər “İran” adlanan coğrafiyanın daxilində, istərsə də xaricində bəzi şəxslər və cərəyanlar bu düşmənçiliyin kökünü yalnız İslam Cümhuriyyətində, SEPAH-da və ya Pezeşkian, Xamenei, Pəhləvi kimi şəxslərdə axtarır, prezidentin, rejimin və ya müəyyən qurumların dəyişməsi ilə İran dövlətinin Quzey və Güney Azərbaycana qarşı yüzillik düşmənçiliyinin sona çatacağını düşünürlər.
Bu yanaşma nə tarixi təcrübə ilə, nə də İran dövlətinin mahiyyətinin düzgün dərk edilməsi ilə uyğun gəlir.Son yüz ilin tarixi sübut edib ki, İran dövlətçiliyi, ona hakim olmuş bütün rejimlər (şahdan şeyxə keçid də daxil olmaqla) və fars müxalifətinin böyük hissəsi ən fundamental məsələdə – Azərbaycanın kimliyinin, torpağının və milli hüquqlarının müstəmləkə altına alınması məsələsində – eyni mövqedə olub və bu gün də həmin mövqedə qalırlar.
Buna görə də Pezeşkian kimi şəxslərin hakimiyyətə gəlməsi, rejimin dəyişməsi, ən ideal siyasi sistemin qurulması, İran dövlətinin başına ən milliyyətçi azərbaycanlının keçməsi, hətta tamamilə azərbaycanlı türklərdən ibarət hökumətin formalaşdırılması belə, İran dövlətçiliyinin təməli dəyişmədikcə heç bir çıxış yolu olmayacaq.
Çünki ötən əsrdə şahın yerini şeyxin tutması, rejimlərin dəyişməsi, onlarla prezident və hökumətin əvəzlənməsi, yüzlərlə azərbaycanlı mənşəli şəxsin İran dövlətində yüksək vəzifələrə gəlməsi Güney Azərbaycanın heç bir əsas problemini həll etmədi və bu düşmənçilikdən bir addım belə geri çəkilmə baş vermədi.Azərbaycan türk millətinin problemi nə yalnız müəyyən siyasi qanadla, nə müəyyən hökumətlə, nə də təkcə bir rejimlə bağlıdır. Problem İran dövlətçiliyinin mahiyyəti ilə bağlıdır; öz mövcudluğunu Azərbaycanın inkarı, assimilyasiyası və əridilməsi, eləcə də müstəmləkə altında saxlanılması üzərində quran bir sistemlə.
İslam Cümhuriyyətinin və ya terrorçu SEPAH-ın aradan qalxması da bu sistemli düşmənçiliyi öz-özünə sona çatdırmayacaq. Çünki İranın siyasi və “milli” kimliyi, eləcə də onun tarixi dövlətçilik modeli Azərbaycanın tarixinin, kimliyinin və dövlətçilik hüququnun inkarı ilə ayrılmaz şəkildə bağlıdır.
Bu gün İranın doktrinasında Quzey Azərbaycanda milli dövlətin yaşaması və Güney Azərbaycanda müstəqil dövlət tələbinin güclənməsi İranın müstəmləkəçi nizamının sarsılması və nəhayət sona çatması deməkdir.Məhz buna görə də mövcudluğunu işğal və inkara söykəyən belə bir sistemlə davamlı sülh mümkün deyil. Yeganə çıxış yolu Azərbaycan türk millətinin müstəqil iradəsinə söykənmək, milli institutları gücləndirmək və mərkəzin müstəmləkəçi mexanizmlərindən tam şəkildə qopmaqdır.
Güney Azərbaycan Cümhuriyyət PartiyasıTəhlil və Araşdırmalar Şöbəsi


