Iranın Azərbaycan Respublikasına qarşı apardığı təxribat kampaniyası: “Əmi dərdi deyil, zəmi dərdidir”

Iranın Azərbaycan Respublikasına qarşı apardığı təxribat kampaniyası: “Əmi dərdi deyil, zəmi dərdidir”

۳ دقیقه
Iranın Azərbaycan Respublikasına qarşı apardığı təxribat kampaniyası: “Əmi dərdi deyil, zəmi dərdidir”

Güney Azərbaycan Cümhuriyyət Partiyası, İran hakimiyyətinə bağlı media orqanlarının CNN-in heç bir dəqiq sübuta əsaslanmayan, yalnız adsız və anonim qaynaqlara istinad edən xəbərini bəhanə gətirərək Azərbaycan Respublikasına qarşı başlatdığı əlaqələndirilmiş təbliğat və təxribat kampaniyasını növbəti uğursuz siyasi və təhlükəsizlik şou tamaşası hesab edir.

CNN-in adsız və anonim qaynaqlara əsaslanan və Azərbaycan Respublikasının rəsmi təkzibinə baxmayaraq yayımlanan xəbəri ətrafında yaradılan kampaniya göstərir ki, İran hakimiyyəti öz siyasi amacları naminə təsdiqlənməmiş məlumatlardan belə istifadə etməkdən çəkinmir.

Rəsmi Bakının mövqeyi açıq şəkildə bəyan olunsa da, İran mediası və ona bağlı dairələr həmin iddiaları gerçək kimi təqdim edərək yeni gərginlik yaratmağa çalışırlar.Otuz il ərzində işğalçı Ermənistanı siyasi, iqtisadi və müxtəlif səviyyələrdə dəstəkləyən, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı düşmənçilik mövqeyi sərgiləyən, ölkəmizdə terror və narkotik şəbəkələrinin formalaşdırılmasına şərait yaradan, eyni zamanda Azərbaycan türkünün milli kimliyinə və varlığına qarşı ardıcıl kimliksizləşdirmə və əritmə siyasəti yürüdən bir rejim, bu gün bölgəsəl siyasətdə üzləşdiyi çoxsaylı uğursuzluqların və dərinləşən daxili böhranların təsiri altındadır.

Bu gün yenidən gündəmə gətirilən köhnə və əsassız ittihamlar göstərir ki, Azərbaycan Respublikasına qarşı aparılan təxribat kampaniyasının əsas səbəbi İsrail–Azərbaycan münasibətləri və ya bölgəsəl əməkdaşlıq deyil. Əksinə, bu siyasətin kökündə İran rejiminin Güney Azərbaycanda güclənən milli azadlıq hərəkatından və formalaşan siyasi iradədən duyduğu narahatlıq dayanır.

Rejim, Güney Azərbaycandakı milli hərəkatın artıq daha geniş ictimai və bölgəsəl müstəvidə təsir gücü qazandığını görür. İran hakimiyyəti və eyni paniranist düşüncəni bölüşən dairələr Quzey Azərbaycanın güclənməsinin Güney Azərbaycandakı milli proseslərə verdiyi təsirdən ciddi narahatlıq keçirirlər.

Məhz buna görə Azərbaycan Respublikasına qarşı aparılan qaralama kampaniyaları əslində Güney Azərbaycandakı milli hərəkata qarşı basqıları artırmaq, milli fəallara qarşı yeni ittihamlar irəli sürmək və məhdudlaşdırıcı tədbirlər üçün zəmin yaratmaq məqsədi daşıyır.

Eyni zamanda İran, çürümüşlük və dərin böhran içində olan dövlət sistemini gizlətmək, ölkənin iqtisadi, sosial və siyasi problemlərinin nəzarətdən çıxmasını ört-basdır etmək, ölkə daxilində artan narazılığı yönləndirmək və ictimai diqqəti gerçək problemlərdən yayındırmaq üçün xarici düşmən obrazı formalaşdırmağa çalışır.

Azərbaycan Respublikasına qarşı aparılan təbliğat da bu siyasətin ayrılmaz hissəsidir.

SEPAH və ona bağlı dairələrin Azərbaycan–İsrail əməkdaşlığı ilə bağlı səsləndirdiyi iddialar İranın bölgəsəl siyasətdə yaşadığı uğursuzluqları, son savaşda (İran–Amerika və İsrail) aldığı ağır məğlubiyyətləri, geosiyasi mövqelərinin zəifləməsini və xarici siyasətdə üzləşdiyi geriləmələri gizlətmək məqsədi daşıyır.

Bu yanaşma daxildəki tərəfdarları səfərbər etmək və ictimaiyyətin diqqətini ölkənin gerçək problemlərindən yayındırmaq üçün istifadə olunur.Azərbaycan Respublikasına qarşı sərt söyləm İranın təhlükəsizlik narahatlıqlarından deyil, 44 günlük Vətən müharibəsindən sonra bölgədə formalaşan yeni siyasi reallıqlardan və Qafqazda itirilmiş təsir imkanlarından qaynaqlanır. Azərbaycan–İsrail münasibətləri isə bu kampaniyada yalnız bəhanə rolunu oynayır.

Güney Azərbaycan Cümhuriyyət Partiyası bəyan edir ki, qorxu, nifrət və düşmənçilik üzərində qurulmuş bu siyasət artıq tarixi iflasa uğrayıb. Güney Azərbaycanda güclənən milli siyasi iradə və ictimai oyanış heç bir təbliğat və basqı mexanizmi ilə dayandırıla bilməz.

Bu gün Tehranın şovinist rejimini narahat edən əsas məsələ müstəqil Azərbaycan Respublikası deyil, Güney Azərbaycanda formalaşan milli siyasi şüur, xalqımızın öz taleyini müəyyən etmək iradəsi və milli yüksəliş prosesidir. Azərbaycan Respublikasına qarşı aparılan kampaniyalar da məhz bu yüksəlişi zəiflətməyə yönəlmiş daha geniş siyasətin tərkib hissəsidir.

Bölgənin gələcəyi panfarsist və paniranist dairələrin planları ilə deyil, İranda əsarət altında yaşayan millətlərin azad iradəsi və öz müqəddəratını təyin etmək hüququ əsasında formalaşacaq.Güney Azərbaycandakı milli azadlıq istəyi heç bir təbliğat, təzyiq və ya siyasi basqı ilə dayandırıla bilməz.

Bu, artıq geri dönüşü olmayan tarixi-siyasi prosesdir. Güney Azərbaycan xalqının taleyi Tehranın təhlükəsizlik qurumlarının planları ilə deyil, xalqın öz iradəsi ilə müəyyən olunacaq. Biz azadlıq, ədalət, demokratiya və milli dövlətçilik ülküləri uğrunda mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.

Güney Azərbaycan Cümhuriyyət Partiyası10-06-2026

پایلاش